|
Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə Avrasiya Fondu tərəfindən həyata keçirilən “Məktəb Büdcəsinin şəffaflığı” proqramı çərçivəsində respublikamızın Bakı və Gəncə şəhərlərinin orta ümumtəhsil məktəblərində müvafiq olaraq iki yerli qeyri-hökümət təşkilatı olan “BUTA” Humanitar Uşaq Fondu və Azərbaycan “BİLİK” Maarifçilik Cəmiyyətinin Gəncə şəhər təşkilatı qarşılıqlı əməkdaşlıq şəraitində “Valideynlərin könüllü ayırmalarının şəffaflığı” layihəsini icra etmişlər.
Müasir şəraitdə ümumtəhsil məktəblərinin inkişafı bu sahəyə cəlb olunan büdcədənkənar vəsaitlərdən birbaşa asılıdır. Həmin vəsaitlərin bir hissəsi məhz valideynlər tərəfindən verilən vəsaitdir. Bu günki məktəb təcrübəsi göstərir ki, valideyn vəsaitlərinin toplanması və xərclənməsi formaları qanunvericiliyin tələblərinə uyğun deyildir. İş o yerə çatıb ki, hətta məktəbi dəstəkləməkdən ötrü fondların yaradılmasına da imkan verilmir. Ümumtəhsil sahəsində yaranan vəziyyət bu sahənin daimi tənqidinə gətirib çıxarır. Belə olan halda məktəb necə yaşamalıdır? Ümumtəhsil məktəblərimizi müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırmaq, həmin təhsil müəssisələrində verilən təhsilin keyfiyyətini təmin etmək, rəqabətə qadir, müstəqil və yaradıcı düşünən, vətəndaş cəmiyyətinin əsaslarına müvafiq olaraq təşəbbüskar vətəndaş yetişdirmək kimi məsələləri tək dövlətin üzərinə qoymaq düzgün olmazdı. Müasir məktəb problemlərinin həllində bütövlükdə cəmiyyət maraqlı olmalıdır. Ümumtəhsil məktəblərinin fəaliyyətinin səmərəliliyinin artırılmasında üçüncü sektorun iştirakı da artıq bu gün təkzibolunmaz zərurətə çevrilmişdir. Bu səbəbdən “BUTA” təşkilatı real vəziyyəti tənqid etməyərək, məktəbin idarə olunması prosesinə ictimaiyyəti, o cümlədən valideynləri cəlb etmək və valideynlər tərəfindən məktəbə göstərilən könüllü maliyyə dəstəyinin mövcud qanunvericilik müstəvisində aparmaq məqsədini daşıyan və həmin məqsədlərə nail olmaq üçün konkret model təklif edən layihədə iştirak etmək qərarına gəldi. Bu layihə Avrasiya Fondunun Azərbaycan nümayəndəliyi ilə birgə həyata keçirilmişdir. Pilot məktəb kimi Bakı Şəhər Nizami rayonu 220 saylı məktəb-lisey seçilmişdir. Məktəb rəhbərliyi və məktəb ictimaiyyətinin bu layihəyə qoşulmaq arzusu, həmçinin məktəb direktorunun məktəbdə demokratik, vətəndaş cəmiyyətinin prinsiplərinə müvafiq olan və günün tələblərinə cavab verə biləcək idarəetmə modelini quraraq, onu inkişaf etdirmək əzmində olması və həmin məktəbin bir çox layihələrdə iştirakı nəticəsində əldə etdiyi təcrübə seçimin əsas meyarları idi.
220 saylı məktəb-liseyin direktoru Almaz Əsgərova layihə ilə tanış olarkən, layihənin aktuallığını və çox mühüm məsələlərə toxunduğunu dərhal vurğuladı və “Valideynlərin könüllü ayırmalarının şəffaflığı” layihəsinin məhz 220 saylı məktəb-liseydə tətbiqinə razılıq verdi. Ümumiyyətlə, layihənin icra müddətində Almaz xanım məktəbdə çox sağlam, işgüzar mühit, həyata keçirilən fəaliyyətlərin səmərəliliyi üçün əlverişli şərait yaratmışdır.
Layihə məqsədlərinin əsaslandırılması və layihə çərçivəsində olunan bütün təklifər mövcud qanunvericiliyə uyğun aparılmışdır. Belə ki, Azərbaycan Respublikasının Təhsil Qanununun 48-ci maddəsinə görə “...ayrı-ayrı vətəndaşlar... öz vəsaitləri hesabına tərbiyə və təhsil alanlara əlavə olaraq sosial-maddi köməklik göstərə bilərlər”. Bundan əlavə Qanunun 53-cü maddəsinə görə məktəbin maliyyələşdirilməsi üçün büdcədənkənar mənbələr sırasına həm də “vətəndaşların könüllü ayırmaları hesabına əldə olunan vəsait” də aid edilir. Bu maddələri nəzərə alaraq, hesab edirik ki, valideyn vəsaitlərinin yığılması yalnız hazırda qüvvədə olan Təhsil Qanununa və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilməlidir. Bütün təkliflər də məhz bu prinsiplər üzərində qurulmuşdur.
Eyni zamanda pilot məktəbləri kimi seçilmiş məktəblərin valideyn ictimaiyyəti ilə aparılan çoxsaylı görüşlərin nəticəsində məlum olmuşdur ki, məktəbə kömək etmək istəyən əksər valideynlərin ailə büdcəsi həmin valideynlərin məktəbə maddi yardım etmək arzusunu istənilən səviyyədə reallaşdırmağa imkan vermir. Bu amili nəzərə alaraq, valideynlərin məktəbə yönələn könüllü ayırmaları istiqamətində layihə tərəfindən edilən təklif valideynlərə hətta ailə büdcələrini qoruyub saxlamaqla da məktəbin maddi dəstəklənməsi prosesində iştirak etmək üçün əlverişli şərait yaratmışdır.
Layihə valideynlər tərəfindən könüllü maliyyə dəstəyinin konstruktiv formalarından biri kimi mövcud Bank-Depozit hesabları institutunu təklif etmişdir. Məktəbə kömək etmək arzusunda olan hər bir valideyn bankda özünün şəxsi depozit hesabını açır və depozit məbləğini öz şəxsi hesabında saxlayaraq onun illik faizlərini könüllü şəkildə məktəbin inkişafı məqsədilə yaradılmış ümumi hesaba köçürür. Bununla əlaqədar on beş kommersiya bankı arasında layihənin həyata keçirilməsi üçün eksklüziv şərtlərin təqdimatı ilə bağlı sorğu keçirilmişdir. Alınan təkliflər arasında ən maraqlısı əmanətin minimum məbləğinə məhdudiyyət qoymayan “Atrabank” tərəfindən edilmişdir. Təklif edilən depozit format kommersiya bankı tərəfindən qəbul edilmiş və nəticədə “Gələcəyin məktəbi” adlı eksklüziv depozit yaradılmışdır. Bu bütün valideynlərə özlərinin ailə büdcəsinin imkanlarından asılı olaraq məktəbə kömək etmək imkanını verir. Bu zaman könüllülük, büdcədənkənar vəsaitlərin mərkəzləşdirilməsi, büdcədənkənar vəsaitlərin istifadəsinə dair kollegial qərarların verilməsi, şəffaflıq kimi prinsiplər əsas götürülmüşdür.
Layihə çərçivəsində təklif olunmuş və 220 saylı məktəb-liseyin ictimaiyyəti tərəfindən müzakirə edilərək qəbul edilmiş varianta əsasən məktəbin ümumi hesabında toplanmış vəsaitin xərclənməsi ilə bağlı qərar Valideyn Komitəsinin fikri nəzərə alınmaqla və bilavasitə məsuliyyətli şəxs kimi məktəb direktorunun dərkənarı ilə Məktəb Şurası tərəfindən qəbul edilir. Bu istiqamət üzrə, yəni toplanmış valideyn vəsaitlərinin istifadəsi mexanizminə dair pilot məktəbdə valideynlərlə görüş, seminar, konfrans, dəyirmi masalar təşkil olunmuşdur, bir sözlə, maarifləndirmə işləri aparılmışdır.
Ümumiyyətlə valideyn vəsaitlərinin toplanması və istifadəsi proseslərində şəffaflığın təmin olunmasını önəmli məsələlərdən biri hesab edirik. Çunki, şəffaflıq olan yerdə inam, etibar da olur, görülən işin səmərəsi də artır. Məktəbin həm müdiriyyəti, həm müəllim, həm də valideyn ictimaiyyətinin nümayəndələri müzakirələr zamanı bütün proseslərin şəffaf olması zərurəti ilə razı olduqlarını bildirirdilər. Odur ki, valideynlərin məktəbə edilən yardımları və onların xərclənməsi haqqında bütün məlumatların məktəbin həyətində quraşdırılmış xüsusi lövhədə yerləşdirilməsi təsadüfi deyil. Belə olan halda maraqlanan hər bir şəxs məsələ ilə bağlı bütün informasiyanı əldə etmək imkanına malik olmuş olur.
Eyni zamanda 220-saylı məktəb-liseydə aparılan fəaliyyətləri qanunvericiliyə uyğun əsaslandırmaq məqsədilə Avrasiya Fondunun Azərbaycan nümayəndəliyinin hüquqşünaslardan ibarət işçi qrupu tərəfindən məktəbin inkişafında valideynlərin iştirakının demokratik formalarını özündə əks etdirən tövsiyə xarakterli sənədlərin layihələri hazırlanmışdır. Bu sıradan aşağıdakıları qeyd etmək olar: Ümumməktəb Konfransının keçirilməsi ilə bağlı tövsiyələr; Məktəb Şurası haqqında Əsasnamə; Məktəb Pedaqoji Şurası haqqında Əsasnamə; Orta ümumtəhsil məktəblərində Ümumməktəb Validеyn Konfransının çağırılması haqqında Тəlimat; Orta ümumtəhsil məktəblərdə Valideyn Komitələrinin formalaşması prosesi haqqında Тəlimat; Ümumməktəb Valideyn Özünüidarəsi haqqında Əsasnamə; Ümumməktəb Şagird Özünüidarəsi haqqında Əsasnamə; Məktəbdə valideyn vəsaitlərinin toplanması və səmərəli istifadəsinə dair qaydalar.
Bu sənədlərə əsaslanan layihənin fəaliyyət istiqamətlərinin həyata keçirilməsi nəticəsində məktəb leqitim maliyyə dəstəyi alır, valideynlər isə depozit məbləği ailə büdcəsində qoruyub saxlayaraq, məktəbə kömək edirlər. Bu da əksər valideynlərin real iqtisadi-sosial vəziyyətlərini nəzərə alsaq böyük əhəmiyyət kəsb edir. Həmçinin məktəb idarəçiliyinin ictimai komponenti haqqında həmin sənədlərin layihələri tək 220 saylı məktəb-liseydə yox, digər məktəblərimizdə də qəbul edilərək həyata keçirilsə, bu zaman orta ümumtəhsil məktəblərdə ictimai komponentin real fəaliyyəti təmin edilmiş olar. Bu da nəticədə orta ümumtəhsil məktəblərdə qabaqcıl standartlara cavab verəcək səmərəli idarəetmə sisteminin qurulmasına gətirib çıxara bilər.
Layihənin sonunda bir аy müddətində valideynlər öz adlarına ümumi olaraq 15 000 AZN yaxın məbləğdə depozit hesabları açmışlar, bu da il ərzində məktəbə 15%, yəni təxminən 2 250 AZN yaxın məbləğində maliyyə yardımı verəcəkdir. Biz hesab edirik ki, bu məbləğ, əlbəttə ki, məktəbin saxlanılması üçün kifayət deyildir, lakin bu hələ başlanğıcdır. Bununla yanaşı valideynlərin könüllü vəsaitlərinin yığılması zamanı onlarda banklarla işləmək təcrübəsi yaranır ki, bu da bazar iqtisadiyyatı prinsiplərinə keçmək istəyən ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, tətbiq olunan proseslərdə valideynlərin özləri layihəyə çox böyük maraq göstərdilər və onların əksəriyyəti gələcəkdə ailə büdcələrinin imkanları daxilində depozit hesablarını bir neçə dəfə artırmaq arzusunda olduqlarını bildirdilər. Bu yalnız valideynlərin əmanətidir. Əgər nəzərə alınsa ki, məktəbin büdcədənkənar vəsaitləri yalnız valideynlərin yardımlarından ibarət deyildir, onda məktəbin maliyyələşməsində hansı imkanların yaranmasını təsəvvür etmək çətin olmayacaqdır.
Layihənin məqsədlərindən biri məktəbin idarəolunması prosesinə valideynləri cəlb etmək olduğundan 220 saylı məktəb-liseyin valideyn ictimaiyyəti ilə aparılan maarifləndirmə tədbirlərini müsbət qiymətləndiririk. Həmçinin layihə çərçivəsində vətəndaş cəmiyyətinin prinsipləri üzərində hazırlanan təkliflərin pilot məktəbdə tətbiqi, daha konkret desək, məktəb-liseydə ictimai özünüidarə orqanlarının formalaşması (Pedaqoji Şura, Valideyn Özünüidarəsi, Şagird Özünüidarəsi, Ümumməktəb Konfransı, Məktəb Şurası), fikrimizcə, məktəb-lisey ictimaiyyəti nümayəndələrində ictimai özünüidarə mədəniyyətinin yaranmasına və inkişafına təkan vermişdir.
“Valideynlərin könüllü ayırmalarının şəffaflığı” layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətlər bu istiqamətdə gələcəkdə görülməsi zəruri olan işlərin hələ bir hissəsidir. Bu günki məktəb hələ öz həllini tapmamış bir çox problemlərlə üz-üzə qalıb, və həmin çətinliklərin aradan qaldırılması müstəvisində məktəblərimiz, təəssüf ki, təkbaşına qalıblar. Məktəbin səmərəli fəaliyyət göstərməsini, keyfiyyətli təhsil verməsini ictimaiyyətin, ilk növbədə valideynlərin iştirakı olmadan təmin etmək qeyri-mümkündür. Odur ki, tək layihəyə cəlb olunan valideynlərlə yox, övladları müxtəlif məktəblərdə təhsil alan bütün valideynləri məktəbə cəlb etməyə çalışmaq lazımdır. Hər bir valideyn məktəb qarşısında öz vətəndaş borcunu dərk etməlidir, təhsil prosesində fəal iştirak etməlidir, çünki hər bir valideyn müəllimlə, şagirdlə bərabər təhsil prosesinin bərabərhüquqlu üzvüdür. Ümumiyyətlə, məktəb bir sosial institut olduğundan orada gedən proseslər, məktəblərimizin bu günki vəziyyəti cəmiyyətimizin hər bir üzvünü narahat etməlidir. Dərk edirik ki, bu istiqamətdə görüləcək işlər çoxdur və məktəb bir çox çətinliklərlə qarşılaşa bilər, lakin bu prosesə başlamaq lazımdır, bunu zaman, bunu bazar iqtisadiyyatının qanunauyğunluqları, bunu vətəndaş cəmiyyətinin prinsipləri, nəhayət, bunu vətəndaşlıq mövqeyimiz tələb edir.
Əgər biz müasir məktəbin idarəolunmasını demokratik dəyərlər, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı prinsiplərinin üzərində qurulmasını istəyiriksə, bu vəzifələri məktəbdə ilk növbədə məktəb rəhbərliyi həyata keçirməlidir. Odur ki, məktəb rəhbərlərinə idarəçilik sahəsinə dair yeni biliklərin verilməsi, onlarda müasir dövrün tələblərinə müvafiq bacarıqların formalaşması aktuallıq kəsb edən bir məsələyə çevrilir. Bu istiqamətdə də sistemli işlərin aparılması labüddür.
Məktəbin fəaliyyətini maliyyəsiz təsəvvür etmək olmur. Təəssüflə qeyd etməliyik ki, məktəb büdcəsinin formalaşması prosesində boşluqlar hələ də mövcuddur. Dövlət istənilən səviyyədə məktəbi maliyyələşdirə bilmədiyi halda büdcədənkənar vəsaitlərin məktəbə cəlb olunması prosesinin mexanizmləri işlənib hazırlanmalıdır, bu istiqamətdə tək valideynlərin könüllü ayırmaları yox, digər mənbələr də axtarılmalıdır və bunun üçün məktəbin ictimai özünüidarə orqanlarının fəaliyyətini tənzimləyən hüquqi sənədlər günün tələblərinə uyğun təkmilləşdirilməlidir. Məktəbin büdcə fəaliyyətinin planlaşdırılmasında məktəblərimizə müstəqillik verilməlidir, büdcənin hazırlanması prosesində bütün məktəb ictimaiyyətinin iştirakı təmin olunmalıdır. |