|
Bundan sonra Almaniyada dərsə gəlməyən şagirdin valideyni cəzalandırılacaq. Cəzanı kifayət qədər sərt adlandırmaq olar. Belə ki, 20 dəfə ardıcıl əsassız səbəbdən dərs buraxan şagirdin valideyni daha uşağının təhsilinə müdaxilə və ya nəzarət edə bilməz. Yeni qanun onları “sadəcə” bu hüquqdan məhrum edir. Qanunun işləməsinə birbaşa yeniyetmələrlə iş üzrə məhkəmənin hakimləri nəzarət edəcək. Əgər şagird 20 gün dalbadal dərs buraxırsa, hakim dərhal həmin uşağın valideynlərini uşağın təhsili ilə bağlı bütün hüquqlardan məhrum edir. Bundan sonra uşağın davamiyyəti, təhsili yalnız təhsil ocağının nəzarətində olur. Bu isə o deməkdir ki, məktəb şagirdlər üzərində daha çox təsirə malik olacaq, nəinki valideynlər. Məktəb hətta səbəbsiz dərs buraxan şagirdi ilkin olaraq cəzalandırmaq məqsədilə onu məcburi əməyə cəlb edə və ya ailəni cərimə ödəməyə məcbur edə bilər. Bu yalnız xəbərdarlıq məqsədli ilk cəzadır. İkincidə isə məktəb məhkəmənin dəstəyi ilə şagird üzərində nəzarəti tam əlinə alır və valideyn avtomatik olaraq hər hansı təsir edə bilmək imkanını itirir. Yeni qanun məktəb həkimlərinin də təsir imkanlarını artırır. Belə ki, məktəbin həkimi valideynin razılığını nəzərə almadan uşağı psixoloqun və hətta narkoloqun yanında reabilitasiya kursu keçməyə məcbur edə bilər.
Təbii ki, Almaniyada bu cür qanunun qəbul edilməsi səbəbsiz deyil. Statistikaya görə hazırda Almaniyada şagirdlərin 8 faizi təhsilini başa vurmadan məktəbi atır. 8 faiz isə rəqəmlə yarım milyondan çox yeniyetmə deməkdir. İndi dövlət yeni qanunun köməyi ilə bu rəqəmi 2015-ci ilə qədər yarıbayarı azaltmağı planlaşdırır. Artıq mütəxəssislər hesablayırlar ki, yeni qanun ayda təxminən 200-ə qədər məhkəmə işinə gətirib çıxaracaq ki, bunların da böyük əksəriyyəti 13-14 yaşlı yeniyetmələrlə bağlı olacaq. SIA.az
|