|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2012-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi statistik təhlilinin nəticələrini açıqlayıb.
APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirilən tədbirdə bildirib ki, bu il respublikanın ali təhsil müəssisələrinə 31 min 419 tələbə qəbulu nəzərdə tutulub.
Onlardan 54 yerə qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər qəbul edilib. Qalan 21 min 223 yer Azərbaycan, 2615 yer rus bölməsi üçün ayrılıb, 7527 yer isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub. Qəbul planının 26 min 384 yeri dövlət, 5035 yer özəl təhsil müəssisələrinin payına düşüb. 10 min 516 yer ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul üçün nəzərdə tutulub.
Bu il ali təhsil müəssisələrinə müsabiqədə iştirak etmək hüququ qazananların 86,96 faizi Azərbaycan, 13,04 faizi isə rus bölməsinin abituriyentləri olub: “Birgə müsabiqə üçün olan yerləri nəzərə almasaq, bu bölmələr ayrılan qəbul planının 89,03 faizi Azərbaycan, 10,97 faizi isə rus bölməsinin payına düşüb. Builki qəbul imtahanlarının nəticələrinə əsasən ali təhsil müəssisələrinin dövlət sifarişi əsasında ayrılan 10 min 462 plan yerinə 9601 abituriyent qəbul olunub və plan 91,77 faiz yerinə yetirilib”. APA
|