|
Azərbaycanda uşaqların orta məktəblərin I sinfinə müsabiqə yolu ilə qəbulu ilə bağlı tədqiqatlar aparılacaq və bunun nəticəsində uşaqların məktəbə qəbulu ilə bağlı təkliflər hazırlanacaq.
Təhsil Problemləri İnstitutu Təhsil Nazirliyinin sifarişi ilə artıq bu tədqiqatları aparmağa başlayıb. İnstitutun direktoru Abdulla Mehrabov Trend-ə deyib ki, bu gün bəzi məktəb-lisey və gimnaziyalar uşaqları I sinfə müsabiqə ilə qəbul edirlər.
Buna təəssüflənən direktorun sözlərinə görə, belə qəbul həmin məktəbə yaxın ərazidə yaşayan uşaqların hüquqlarını pozur.
“Çox təəssüflər olsun ki, bəzi məktəblər uşaqları I sinfə müsabiqə ilə qəbul edirlər. Uşağı sorğu-sual edirlər və deyirlər ki, uşaq hazır deyil. Əgər uşaq hazır olsaydı, onda nə dərdimiz olardı. Altı yaşında olan uşaq ümumi təhsilə cəlb edilməlidir. Əgər kiçik yaşlı uşağın yaşadığı ərazidə məktəb varsa, onu 10-12 km aralıda yerləşən məktəbə göndərmək olmaz. Bununla, uşaqların hüquqları pozulur”, - Mehrabov qeyd edib.
O əlavə edib ki, məktəblər uşaqları I sinfə müsabiqə yolu ilə qəbul edə bilərlər. Ancaq bu müsabiqə zamanı daha bacarıqlı uşaqlar seçilməli və onlar bir qrupda cəmlənməlidir.
Abdulla Mehrabovun sözlərinə görə, müsabiqədə nisbətən aşağı bilik səviyyəsi və bacarıq nümayiş etdirən digər uşaqları da məktəbə mütləq qəbul etmək lazımdır. Məktəb həmin uşaqlar üçün ayrı siniflər yaratmalıdır. Həmin uşaqlar üçün təlim gücləndirilməli və onların bilik səviyyəsi digər uşaqların bilik səviyyəsinə çatdırılmalıdır.
“Təmayüllü, lisey olub-olmamasından asılı olmayaraq, məktəb rəhbərliyi I sinfə qəbul üçün müraciət edən, yaxınlıqda yerləşən uşaqları da məktəbə qəbul etməlidir. Həmin məktəblərdə yalnız yuxarı qabiliyyətli uşaqlar deyil, aşağı qabiliyyətli uşaqlar da təhsil almalıdır. Biz dövlətin siyasətini yerinə yetirməliyik. Uşaq yaşadığı ərazidəki məktəbə gedərək orada təhsil almalıdır. Bu məsələdə problem var, hazırda bunlar araşdırılır”, - institut direktoru bildirib.
O, bu məsələ ilə bağlı təkliflərinin 2012-ci ildə hazır olacağını deyib.
Milli.Az
|