|
İdarəetmə və İqtisadiyyat üzrə Milli Yarışın final mərhələsi başlayır
Sabah Bakıda 2010-cu ilin İdarəetmə və İqtisadiyyat üzrə Milli Yarışının final mərhələsini keçirəcək. Gənclər və İdman Nazirliyinin dəstəyi və “Junior Achievement Azərbaycan” təşkilatı təşkilatçılığı ilə keçirilən yarışlarda 7 məktəbin komandaları iştirak edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, final mərhələyə vəsiqə qazanmış Bakının 132, 95, 264 saylı, Elitar Gimnaziya və Zərifə Əliyeva adına orta məktəbin, Ağdaş rayonunun Güvəkənd və Yuxarı Ləki kənd məktəblərinin komandaları biznesin modelləşdirməsi proqramı üzrə milli çempion titulu uğrunda mübarizə aparacaqlar. Virtual şirkəti modelləşdirərək, şagirdlər qiymət, istehsal, marketinq, kapital qoyuluşu və elmi-tədqiqat işlərinə yönəldilən vəsaitlər üzrə qərarlar qəbul edəcəklər. Bütün bunlar məktəbli komandanın uğuru, yaxud itkisi ilə nəticələnəcək. Tədbirdə həmçinin, qalib şagirdlər və biznes icmasının nümayəndələri arasında yoldaşlıq yarışı keçiriləcək.
Tədbirdə Gənclər və İdman Nazirliyi, Statoil, USAİD və Chevron nümayəndələri çıxış edəcəklər. Yarışların yekununda iştirakçılşarın mükafatlandırma mərasimi keçiriləcək.
Xatırladaq ki, bilik yarışının əsas sponsorları Statoil Abşeron, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Chevron Xəzər Ltd., tərəfdaş sponsorları isə Gənclər və İdman Nazirliyi, Baker McKenzie, Amerika Ticarət Palatasının Azərbaycandakı Nümayəndəliyi (AmCham) və Bakcell şirkətinin maliyyələşdirdiyi “Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı” dır.
Yarışın əvvəlki mərhələlərində Bakı, Sumqayıt və Mingəçevir şəhəri, Ağdaş, Kürdəmir, Yevlax və Goranboy rayonlarının məktəblərini təmsil edən 152 şagird iştirak edib. LENT.AZ |